Körpələri Qarabağa aparın! | Ədalət Verdiyevin yazısı

      Körpələri Qarabağa aparın! |    Ədalət Verdiyevin yazısı
  16 May 2025    Oxunub:618
Ailəmizi, valideynlərimizi, övlad və nəvələrimizi, imkan varsa yaxınlarımızı, dostlarımızı azad edilən ərazilərə ildə heç olmasa bir-iki dəfə aparmalıyıq. Gələcəyimiz olan uşaqlar hər dəfə şəhid qanı ilə azad edilən müqəddəs torpaqları, orada açılan çiçəkləri, zirvələrdə dalğalanan bayraqlarımızı gözlərilə görməlidirlər. Onların yaddaşında son iki yüz ildə, xüsusən də işğal dövründə başımıza gələn faciələr, soyqırımlar, Qarabağ müharibələri, Vətən Müharibəsindəki möhtəşəm Qələbəmiz və bu qələbənin qəhrəmanlarını daim yaşatmalıyıq.
Azad edilən ərazilərdə müxtəlif tədbirlər, çəkilişlər və dəvətlər çərçivəsində 30 dəfədən çox olmuşam. Bur dəfə də bu tipli dəvətlərdən imtina etməmişəm. Ən vacib işlərimi sonraya saxlayıb Qarabağa, Zəngəzura və Qazaxın kəndlərinə getmişəm. Azad edilən torpaqlarda sadəcə nəfəs almaq da mənim üçün əvəzolunmaz xoşbəxtlikdir.

Son dəfə isə 6 aylıq nəvəmi və ailə üzvlərindən bəzilərini azad edilən ərazilərə apardım. Çalışacağam bunu hər il azı bir, imkan olarsa, bir neçə dəfə edim. Sual yarana bilər: 6 aylıq körpə nə bilir ki, Qələbə nədir, şəhid nədir?.. Belə bir sualı hörmət etdiyim həmyerlimiz, ABŞ universitetinin dəyərli professoru da mənə ünvanlamışdı. Söhbət ondan gedir ki, mən 1975-ci ildə atamın babasından ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə ilk dəfə eşidəndə çox təəccüblənmiş, hətta doğma ulu babama inanmamışdım. 85 yaşlı Tanrıverdi babamın dedikləri nə atam, nə anam, nə babam (babamın biri mən körpə olanda dünyasını dəyişib), nə nənələrim, nə də digər qohumlar tərəfindən təkrar edilirdi. Məktəbdə isə nə müəllimlər, nə dərsliklər bu məsələyə toxunurdular. Televiziya, ziyalılar, media və s. bu barədə kəlmə də kəsmirdi. Ona görə də beynimdəki suallar 1986-cı ilə qədər qalmaqda davam etdi. Sovet rejimi bizim səsimizi boğsa da, əks tərəfdə bu təbliğat fasiləsiz davam etirdi. 1986-ci ildə Qazaxıstanda Ali Hərbi Məktəbdə yaşlı erməni gizir Zobyan (adını unutmuşam) məni "türk" adlandıranda azərbaycanlı olduğumu dedim. Erməni gizirin cavabı belə oldu: “Sən kim olduğunu hələ dəqiq bilmirsən”. Böyük mübahisəmiz düşdü, amma sonradan məlum oldu ki, erməni gizir haqlıdır.


Həmin gün ulu babamın erməni-müsəlman davası, ermənilərin bizə qarşı törətdiyi vəhşiliklər, soyqırımı cinayətləri, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi barədə dediklərini təkrar xatırladım. Gizir Zobyanın qarşısında haqsız olmağımın, tariximizi və kim olduğumu bilməməyin səbəbkarı mən deyildim, bunun günahı böyüklərimizdə, ziyalılarımızda, yazıçılarımızda, müəllimlərimizdə və valideynlərimizdə idi. Milyonlarla əhalisi və çoxlu ziyalısı olan Azərbaycanda ermənilər barədə həqiqətləri bütün çılpaqlığı ilə mənə çatdırmaq istəyən tək insan savadsız babam Tanrıverdi kişi olmuşdu. Tanrıverdi babam məni ayıltmağa çalışırdı, amma onu da tam anlaya bilmədim, danışdıqlarına şübhə ilə yanaşdım. Dediklərini anlayanda isə artıq gec idi. Mən yalnız 19 yaşında, yəni 1988-ci ildə Ermənistan azərbaycanlılara qarşı vəhşiliklər törətməyə başlayanda qəflət yuxusndan ayıldım. Amma erməni vəhşiliklərinin canlı şahidi artıq həyatda deyildi. Ona verəcəyim çoxlu suallarımı ünvanlayacağım kimsə yox idi...

Bütün bunları nəzərə alaraq, hər birimizin borcudur ki, başımıza gələn faciələri, Qələbəmizi və qəhrəmanlarımızı unutmayaq. Bu həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdıraq. Əks halda onlar da nə zamansa bizi günahlandıra bilərlər. İndi müharibə, işğal dövrü, Qələbəmiz, Bayrağımız və qəhrəmanlarımız barədə heç nə anlamayan körpələr nə zamansa azad edilən ərazilərə hər il aparılmalarının məqsədini anlayacaqlar. Onlar da bu ənənəni davam etdirəcəklər. Yalnız bu yolla gələcəkdə Ermənistanın Azərbaycana qarşı törədə biləcəyi fəaliyyətlərin qarşısını ala, Qərbi Azərbaycana qayıdış təmin edə, qan yaddaşımızı gələcək nəsillərə olduğu kimi çatdıra bilərik. Bu bizim üzərimizə düşən ən vacib vətəndaşlıq vəzifəsidir.


Bu gün Ermənistan həm silahlanır, həm də sülhdən danışır, amma bu daha çox işğalçı ölkənin düşdüyü çıxılmaz vəziyyət ilə bağlıdır. Kimsə Ermənistanın dizi üstdən qalxdıqdan sonra Azərbaycana qarşı yeni müharibəyə başlamayacağına zəmanət verə bilməz. Odur ki, haqlı müharibəmiz, dözülməz işğal dövrü, qalib Silahlı Qüvvələrimiz, Qələbəmiz, Bayrağımız və qəhrəmanlarımız barədə dünyaya səs salmalı, əsaslər və ssenarilər yazmalı, filmlər çəkməliyik. Körpələrimizə, uşaqlarımıza və gənclərimizə müsbət nümunə olmalı, onları daim döyüşə hazır, Bayrağa sadiq, vətənpərvər və qalib Əsgər ruhunda böyütməliyik.

Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az üçün


Teqlər: Qarabağ  





Xəbər lenti